![]()
Azerbaycanin Xalq ressami Maral Rehmanzade haqqinda
Maral Yusif qızı Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakıda anadan olub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuyub, 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.
M.Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkarlarımızdandır. O, qrafika sahəsində xüsusilə məhsuldar çalışıb, kitab qrafikası sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Onun xüsusən klassiklərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi illüstrasiyalar oxucuya əsərlərin məzmunu və qayəsinin obrazlı çatdırılmasında əhəmiyyətli vasitə olub. Rəssamın portret janrında yüksək sənətkarlıq nümunəsi sayılan əsərləri isə özünəməxsusluğu və nikbin ruhu ilə səciyyələnir.
M.Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib, silsilə qravüralar yaradıb. Bununla yanaşı, rəssamın əl işləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın digər şəhərlərinin tanınmış muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilməklə Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirib. Onun xarici ölkələrdə dəfələrlə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medalla təltif edilib, «Şöhrət» ordeninə layiq görülüb. O, prezidentin fərdi təqaüdçüsü idi.
professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın Maral Rəhmanzadə 2008-ci il martın 16-da 92 yaşında vəfat edib.
qaynaq: www.deyerler.org
